Əlillərin işlə təmini üçün yeni layihə həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından iki il ötür.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bununla əlaqədar keçirilən mətbuat konfransında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov Observatoriyanın fəaliyyəti barədə məlumat verib.

Qeyd edib ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs olaraq yaradılıb. Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir. Ümumilikdə Milli Observatoriyanın fəaliyyəti əsasən bu platformalarda təşkil olunub: Monitorinq (müayinə, sorğu); Analitik və intellektual mərkəz (“Beyin mərkəzi”); Proqnoz, Tədqiqat və təkliflərin diskussiyası və dialoq platforması; Tədris və təlim mərkəzi.

E.Əsədov əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsinin, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsinin Milli Observatoriyanın əsas vəzifələri sırasında olduğunu deyib. Bildirib ki, Milli Observatoriyanın fəaliyyət istiqamətinə eləcə də iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin təhlil edilməsi , bu əsasda cari və perspektiv proqnozların hazırlanması daxildir. Milli Observatoriya həmçinin iqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirə bilər.

Qurumun hazırda üç layihə üzərində işlədiyini qeyd edən E.Əsədov, bu layihələrin məqsəd və əhəmiyyətini diqqətə çatdırıb.


Bildirilib ki, əliliyi olan şəxslərlə bağlı Virtual İnnovasiyalar Parkı adlanan layihə əsasında bu kateqoriyadan olan şəxslərin bərabər imkanlar əsasında məşğulluğu təmin olunacaq, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi həyata keçiriləcək.

Eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsi və işarə dilinin rahat öyrənilməsi üçün Milli Observatoriya tərəfindən hazırlanan Telegram bot haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, layihənin tətbiq olunması həmin şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Müayinə Sorğu Sistemi layihəsindən bəhs olunub. Qeyd edilib ki, bu layihə çərçivəsində müəyyən mövzular üzrə sorğuların aparılması, toplanmış məlumatların mobil tətbiq və ya veb səhifə üzərindən sistemə göndərilməsi, əldə edilmiş məlumatların təhlil edilməsi və hesabatların hazırlanması planlaşdırılır.

Teqlər: