Əlil şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır (FOTO)

Xəbər - Samir Əli Trend:

Əlilliyi olan şəxslərin əmək bazarına çıxması üçün bir sıra proqramlar icra olunur, Nazirliyin dəstəyi ilə əlilliyi olan şəxslər müxtəlif peşələrə yiyələnirlər.

AzerTimes-ın məlumatına görə, bunu ADA Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ADA Universitetinin təşkilatçılığı ilə start verilən “PAŞA Bank ilə başla” layihəsinin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib.

O bildirib ki, hazırda bu cür şəxslərin kiçik biznesə çıxışı təmin edilir: “Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması və cəmiyyətə inteqrasiyası ölkədə aparılan sosial siyasətin prioritetlərindəndir. “PAŞA Bank ilə başla” layihəsi də bu istiqamətdə işlərə mühüm dəstək olacaq.

Öz üzərində çalışaraq, əzmini toplayaraq fiziki məhdudiyyət üzərindən daim irəliyə, uğurlara doğru irəliləyən əlilliyi olan insanlar bir daha təsdiq edirlər ki, əlillik qüsur deyil.
“PAŞA Bank ilə başla” adlı yeni layihə də bu sahədə əlilliyi olan insanlarımıza dəstək vermək, onların əmək bazarına çıxışına, cəmiyyətə inteqrasiyasına dəstək olmaq kimi nəcib bir mərama xidmət edir.

Əminik ki, əlilliyi olan şəxslər güclü özünəinam hissi ilə bu layihəyə maraqla qatılacaq, uğura doğru addımlamaları üçün bu layihənin verdiyi imkanlardan faydalanacaqlar”.

“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, layihənin əsas hədəflərindən birinin əlilliyi olan şəxslər üçün daha əlverişli imkanların yaradılması olduğunu deyib. O, əlilliyi olan şəxsləri öz qüvvələrinə, bilik və bacarıqlarına inanmağa və bu layihədə iştirak etməyə səsləyib:

“Əsas məqsədimiz odur ki, ölkəmizin iqtisadiyyatının inkişafının, cəmiyyətin sosial rifahının artırılmasına dəstək verməkdir. Bu baxımdan yeni layihə də çox əhəmiyyətlidir. Bu layihədə iştirak etmək hər bir əlilliyi olan şəxsə özünə inanmağa, peşəkar karyera qurmaqda şansını itirməməyə çağırıram”.

Layihə çərçivəsində nəzərdə tutulan təlimlərinin keçiriləcəyi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Universitetdə əlliyi olan şəxslərin rahatlığı üçün bütün imkanların təmin olunduğunu və layihədə tərəfdaş qismində iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib:

“Tələbələrlə birgə karyera inkişafını qurmaq olar. Bu çox vacib layihədir, biz də ADA Universiteti olaraq dəstək göstərməyə hazırıq”.


Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev deyib ki, heç bir əlillik arzulara məhdudiyyət deyil:

“Mən idmanda uğur qazanmışam, amma hər bir sahədə uğur qazanmaq mümkündür. Mən hətta ali təhsili əlil olduqdan sonra almışam. Mümkün olmayan bir şey yoxdur, sadəcə qarşıya məqsəd qoyub əzmkar olmaq lazımdır”.

PAŞA Bankın Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinin rəhbəri, layihə rəhbəri Fidan Tofidi deyib 3 ay davam edəcək layihədə təlimlər proqramlaşdırma, qrafik dizayner, rəqəmsal marketinq və Çağrı mərkəzləri üzrə olacaq:

“Təlimləri təkcə təlimçilər deyil, müəyyən uğur qazanan şəxslər də həyata keçirəcək. “PAŞA Bank ilə başla” adlanan layihə vasitəsilə Bank, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına və işlə təmin edilməsinə dəstək verməyi hədəfləyir. Layihənin təşkilati dəstəkçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universitetidir.

“PAŞA Bank ilə başla” layihəsi bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə müraciətlərin qəbulu və müvafiq namizədlərin seçilməsi nəzərdə tutulub. Növbəti mərhələdə mütəxəssislər tərəfindən seçilmiş mövzular və sahələr üzrə təlimlərin keçirilməsi planlaşdırılıb. Layihənin sonuncu mərhələsində isə iştirakçıların işlə təmin olunmasına yardım ediləcək. 31 iyula qədər layihəyə müraciət etmək mümkündür. 100 nəfər şəxs münsiflər heyəti tərəfindən seçiləcək və həftədə bir neçə dəfə təlimlər olacaq. Amma layihəni təlimlə məhdudlaşdırmaq istəmirik, daha sonra iştirakçılar yoxlamadan keçəcək. CV hazırlanması işəgötürənlərlə görüşlər olacaq ki, bu şəxslərin işlə təminatı mümkün olsun”.

Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” ASC və ADA Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.

Layihədə iştirak etmək istəyən şəxslər https://pashabankilebashla.az/form/ keçidə daxil olaraq müvafiq sorğu blankını doldurmalı və qeydiyyatdan keçməlidir.

Teqlər: