Əlif Hacıyev küçəsi əsaslı şəkildə təmir olunur (FOTO)

Dövlət başçısının Bakı şəhərində küçə və yolların təmir edilməsi işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, Nizami rayonu Əlif Hacıyev küçəsinin Məmmədəli Şərifli küçəsindən Qara Qarayev prospektinə qədər olan hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir edilir.

Agentlikdən AzerTimes-a bildirilib ki, Əlif Hacıyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.

Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 500 metr, eni isə ortalama 9 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.


Qeyd olunan küçədə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Hazırda Nizami rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Əliağa Kürçaylı küçəsinin Şirin Mirzəyev küçəsindən Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 600 metrə qədər təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bununla yanaşı rayonun Mikayıl Əliyev küçəsinin Babək prospektinə qədər olan 600 metr uzunluğa malik hissəsində də təmir işləri aparılır.

Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Teqlər: