Əliağa Kürçaylı küçəsi əsaslı təmir olunur (FOTO)

Xəbər - Samir Əli – Trend:

Dövlət başçısının Bakı şəhərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə küçə və yolların təmir edilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, hazırda Nizami rayonu Əliağa Kürçaylı küçəsinin Şirin Mirzəyev küçəsindən Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində təmir işləri icra olunur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 600 metrə qədər təşkil edir ki, hazırda burada təmir işləri son mərhələdə aparılır.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Anoloji təmir-tikinti işləri rayonun Mikayıl Əliyev küçəsinin Babək prospektinə qədər olan 600 metr uzunluğa malik hissəsində də aparılır.


Qeyd edək ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğui 6 km təşkil edən küçə və yol təmir edilir.

Teqlər: