Xəbər - Alpər Ziya – Trend:
“Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qaldı, həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik”.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 44 günlük Vətən müharibəsində müzəffər qalibiyyətindən sonra hər çıxışında, hər müsahibəsində səsləndirdiyi bu fikirlər artıq bütün dünyada qəbul edilir və dövlət başçıları səviyyəsində təsdiqlənir. Yəni Azərbaycanın ərazi bütövlüyü artıq təmin edilib və bundan sonra bir qarış torpaq belə düşmənə güzəştə gedilməyəcək…
Lakin Azərbaycanda siyasətdən kənar qalan bəzi siyasi qüvvələr – əslində, qüvvə də deyillər, şəxsdirlər – konkret desək, AXCP sədri Əli Kərimli və onun məhdud tərəfdarları hələ də 44 günlük şanlı Vətən müharibəsini gözdən salmağa və Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşmağa davam edirlər. Necə deyərlər, hər zamankı xain xislətləri bu dəfə də özünü ən qabarıq formada göstərməkdədir.
Şəxsini müxalifətin “lideri”, Prezident İlham Əliyevin siyasi rəqibi sayan və yaxud sanan Əli Kərimli müharibə günlərində ağzına su alıb oturdu, susdu, danışa bilmədi, Azərbaycanın hər gün öz kəndlərini, rayonlarını sürətlə işğaldan azad etməsinin şokunu yaşadı. Müharibə zəfərlə bitdi və yavaş-yavaş Əli Kərimli də şokdan ayıldı. Bəli, soruşa bilərsiniz ki, bəs, niyə şoka düşmüşdü? Çünki vaxtilə özünün də bulunduğu siyasi hakimiyyətin Ermənistana uduzduğu torpaqların nə vaxtsa azad ediləcyini nəinki düşünürdü, heç təsəvvür də etmirdi. Azərbaycan iqtidarının və Azərbaycan Ordusunun birdən-birə, gözlənilmədən etdiyi belə bir əks-həmlə Kərimlini şoka soxmasın, nə etsin…
İllərdir Qarabağı Azərbaycan iqtidarına baş qaxıncı eləmişdi, Azərbaycanı müharibəyə başlamamaqda, hətta müharibədən qorxmaqda ittiham edirdi. Beləcə, 30 il keçdi, Qarabağ azadlığa çıxdı, Əli Kərimli isə hələ də öz xislətinin məhbusudur. Məhbusluq həyatı ətrafa açıq gözlə baxmaqda ona əngəl olub. Ona görə də hərdən işıq gələn “pəncərəyə” (Facebook – müəl) dırmaşıb səsi yetdikcə çığırır. Amma ətrafında olan üç-beş nəfərdən başqa onu eşidən olmur. Çünki bu səs 30 ilə yaxındır ki, eyni tonla eyni məqsəd və eyni xislətə xidmət edir, inam və etimad göstəricisi sıfırın altındadır.
Onun budəfəki hikkəsinə məhz dövlət başçısının “Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb” sözlərini dəfələrlə təkrarlaması səbəb olub. Nədənsə, bu ifadə Əli Kərimlini yaman qıcıqlandırır. İddia edir ki, münaqişə bitməyib.
Görünür, adam bölgədəki prosesi və Prezident İlham Əliyevin bununla bağlı qəti mövqeyini gözardı edir. İlham Əliyev bu vaxta qədər nə deyirdi, hamısını edib. Deyirdi ki, biz nəyin bahasına olur-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik və etdik. İndi də dövlət başçısı deyir ki, Qarabağ münaqişəsi tarixdə qalıb, deməli belədir. Müəyyən məsələlər isə zamanla öz həllini tapacaq…
Gəlin, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi bir fikrə diqqət edək: “Biz bir məsələni də unutmamalıyıq ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb. Biz bu vəziyyətə uyğunlaşmalıyıq, hər bir ölkə buna öyrəşməlidir. Bu, yeni bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Amma hər şeyin öz vaxtı var, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Hesab edirəm ki, biz müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik və həyat davam edir, həyat yerində durmur, yeni məsələlər ortalığa çıxır.
Bizim strateji baxışımız var: Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır”.
Odur ki, Əli Kərimli, bir azca da döz. Döz ki, Azərbaycanın bundan sonrakı nailiyyətləri səni şoka salmasın. Növbəti şokdan ayılmamaq kimi bir ehtimal da var…