Əli Əsədov Rusiya Hökumətinin Sədri Mixail Mişustinlə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 20-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinlə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılmasına, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Həmçinin koronavirus infeksiyası ilə birgə mübarizə məsələləri nəzərdən keçirilib.

Rusiya Hökumətinin Sədri Mixail Mişustin Baş nazir Əli Əsədovdan Rusiya Prezidenti Vladimir Putinin, eləcə də özünün salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. M.Mişustin ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Rusiya Federasiyası Hökuməti Sədrinin sözlərinə görə, pandemiyaya baxmayaraq, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında əmtəə dövriyyəsini təxminən 3,5 faiz artırmaq mümkün olub ki, bu da 680 milyon dollar təşkil edir. Azərbaycanda Rusiya kapitalı ilə işləyən 1000-ə yaxın şirkət, birgə müəssisə fəaliyyət göstərir.

M.Mişustin İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyanatın Cənubi Qafqazın kompleks şəkildə inkişafı üçün imkanlar açdığını diqqətə çatdırıb, iqtisadi əlaqələrin genişlənməsinin, nəqliyyat və kommunikasiyaların açılmasının, yeni infrastruktur marşrutlarının yaradılmasının region ölkələrinin maraqlarına cavab verdiyini vurğulayıb.

Öz növbəsində Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını M.Mişustinə çatdırıb. Vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr iki ölkə prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində yüksək səviyyədədir. Azərbaycan Rusiyanın 80-dən çox subyekti ilə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir. Ölkələrimiz arasında 230-dan çox hökumətlərarası və müəssisələrarası sənəd imzalanıb, altı “yol xəritəsi” həyata keçirilir.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti və hökuməti 44 günlük müharibə zamanı Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir, hərbi əməliyyatların yekununda imzalanmış üçtərəfli razılaşmanın bəndlərinin yerinə yetirilməsinə tərəfdardır.

Ə.Əsədov rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Danışıqların yekununda tərəflər arasında əməkdaşlığın inkişafına, o cümlədən rabitə və informasiya texnologiyaları, baytarlıq, gömrük, əqli mülkiyyət, qida təhlükəsizliyi və digər istiqamətlərə dair sənədlər imzalanıb.

Teqlər: