Qırğız Respublikası Nazirlər Kabineti sədrinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı Akılbek Japarov ilə görüşüb.
Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirilib.
Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə olunub.
Görüşdə həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olunub.