Əli Əsədov Kollarla görüşdü – Foto

Əli Əsədov Kollarla görüşdü – Foto

Azərbaycan Baş naziri Əli Əsədov iyunun 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumaat görə, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərin, kənd və şəhərlərimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edilib.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. Bu baxımdan Ələt azad iqtisadi zonasının önəmi qeyd edildi, Slovakiya şirkətlərinin xarici investorlar üçün burada yaradılmış əlverişli imkanlardan faydalana biləcəyi bildirilib.

Enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparıldı, Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan Cənub Qaz Dəhlizinin önəmi xüsusi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Teqlər: