Tacikistanın paytaxtı Düşənbə şəhərində “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumu keçirilib.
AzerTimes xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov forumun işində iştirak edib.
Tədbirin açılışında Tacikistan Prezidenti Emoməli Rəhmonun forum iştirakçılarına videomüraciəti yayımlanıb.
Tədbirdə çıxış edən Ə.Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini qeyd edib. O bildirib ki, forum investisiya və biznes sahələrində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, həmçinin Tacikistanın iqtisadi potensialı və sərmayə imkanları ilə tanış olmaq baxımından effektiv beynəlxalq platformadır.
Ə.Əsədov forum iştirakçılarına Azərbaycanın iqtisadi inkişafı və əlverişli investisiya mühiti barədə məlumat verib.
O vurğulayıb ki, ölkə iqtisadiyyatı 2022-ci ildə 4,6 faiz artaraq rekord səviyyəyə – təqribən 80 milyard ABŞ dollarına çatıb. Qeyri-neft və qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 67 milyard dollardan çoxdur. Azərbaycanın xarici borcu böyük həcmdə azalaraq ÜDM-nin 9,3 faizinə düşüb.
Qeyd edilib ki, hökumət iqtisadiyyata investisiyaların stimullaşdırılması məqsədilə müasir texnologiyalardan istifadə etməklə və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq, “açıq qapı” siyasəti yürüdür.
Forum iştirakçılarına dövlət tərəfindən vergi yükünün azaldılması, inzibati əngəllərin aradan qaldırılması və hüquqi bazanın yaxşılaşdırılıması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ə.Əsədov deyib: “Azərbaycanda yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır, belə ki, ölkədə yerli və əcnəbi sahibkarlar üçün bərabər imkanlar təmin olunub.
Baş nazir tacik investorları əlverişli biznes mühiti, xüsusi vergi və gömrük rejimləri, fiskal və qeyri-fiskal güzəştlər paketi təklif edən yeddi sənaye parkı, habelə Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmağa dəvət edib.
Diqqətə çatdırılıb ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat arteriyalarının kəsişməsində unikal coğrafi mövqedə yerləşməsi və infrastruktur potensialına malik olması Ələt Azad İqtisadi Zonasını dünya miqyaslı biznes platformasına çevirir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi üzrə işlərin davam etməsindən bəhs edən Baş nazir deyib ki, bu, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların həcminin artması ilə əlaqədardır.
Həmçinin kənd təsərrüfatı sektorunda qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub. Baş nazir qeyd edib: “Hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas iqtisadi prioritetlərindən biridir. Məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub, aqrar sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. İnnovativ həllər, yaşıl enerji, rəqəmsallaşma geniş tətbiq edilir. Aqroparkların sayı artır və artıq 50-yə çatıb.”
Qeyd edilib ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 47 faiz artıb. Cari ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 faizdən çox artıb.
Vurğulanıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar fonunda da investisiya sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Ə.Əsədov deyib: “Bu gün Azərbaycan hökuməti öz maliyyə vəsaitləri hesabına azad olunmuş ərazilərin bərpası və inkişafı üzrə irimiqyaslı işlər görür”. O, dost ölkələrin, o cümlədən Tacikistan şirkətlərini bu işlərə qoşulmağa çağırıb.
Azərbaycanda alternativ energetika sahəsində görülən işlər barədə forum iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, dünyanın aparıcı şirkətləri ilə birlikdə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilir.
Ə.Əsədov, həmçinin bildirib ki, forumun başlıca məqsədlərindən biri Tacikistanın iqtisadi və investisiya potensialı ilə tanışlıqdır. O, bu ölkənin sosial-iqtisadi inkişafının yaxşı templərini qeyd edib.
Həmçinin iki ölkənin liderləri – İlham Əliyev və Emoməli Rəhmonun uğurlu siyasətinin rəhni kimi, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.
Ə.Əsədov Azərbaycanın Tacikistanla dostluğun və qarşılıqlı faydalı tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsində hazır və maraqlı olduğunu ifadə edib.
Baş nazir əlavə edib: “Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfəri zamanı bu barədə növbəti dəfə bəyan edilib”.