Əli Əsədov Cevdet Yılmazı təbrik etdi

Əli Əsədov Cevdet Yılmazı təbrik etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib.

Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib.

Möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əməkdaşlıq münasibətlərinin bu müddət ərzində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən nəhəng layihələrin iki ölkənin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırdığı, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət etdiyi bildirilib.

“Bir millət iki dövlət” şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə asında müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkənin əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və bütün digər sahələrdə daha da genişləndirilməsi istiqamətində birgə səy göstərməyə hazırlıq ifadə olunub.

Teqlər: