16:26
Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir.
Siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.
Həmçinin xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir.
***
Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək.
***
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması barədə qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Hökumət başçısının digər qərarı ilə Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiqlənib.
Prezident İlham Əliyevin 26 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq kiçik və orta biznes evlərində xidmətlər göstərən dövlət orqanları (qurumları) Koordinasiya Qrupunun tərkibinin formalaşdırılması ilə əlaqədar Koordinasiya Qrupunda onları təmsil edəcək şəxslər barədə müvafiq məlumatları KOBİA-ya təqdim etməlidirlər.
Əsasnaməyə görə Koordinasiya Qrupu mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, kiçik və orta biznes evlərində (bundan sonra – KOB evləri) Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən kollegial orqandır. Qrup KOB evlərində xidmətlər göstərən dövlət orqanlarının (qurumlarının) həmin xidmətlər üzrə cavabdeh olan struktur bölmələrinin rəhbər şəxslərindən təşkil edilir.
Qərarın qəbulu ilə KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin həyata keçirilməsi və KOB evlərində təmsil olunmuş dövlət orqanının (qurumunun) nümayəndəsinin hərəkət və ya hərəkətsizliyi barədə sahibkarlıq subyektlərindən daxil olmuş şikayətlərə Koordinasiya Qrupunun iclaslarında operativ qaydada baxılması təmin ediləcək.
O cümlədən, Qərarın qəbulu ilə Koordinasiya Qrupunun fəaliyyəti çərçivəsində mikro, kiçik, orta sahibkarlığın inkişafı üçün prioritet sahələrin və dəstək metodlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təkliflərin hazırlanması, bu sahədə dəstək tədbirlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi (xidmətlərin və ya xidmətin hər hansı prosedurunun sadələşdirilməsi və ya ləğvi) ilə əlaqədar müzakirələrin aparılması, bu istiqamətdə tövsiyələrin hazırlanması həyata keçiriləcək.