Əli Əmirli: 50 ildir hamıdan narazılıq eşidirəm

Əli Əmirli: 50 ildir hamıdan narazılıq eşidirəm

Mən əlli ildən çoxdur fəal teatr tamaşaçısıyam. Həmişə də teatr cameəsinin dramaturgiyadan, teatrdan gileyləndiyini eşitmişəm. Əlli il qabaq da belə idi, indi də belədir.

Bu sözləri AzerTimes-a açıqlamasında yazıçı-dramaturq, əməkdar incəsənət xadimi, professor Əli Əmirli deyib.

“Azərbaycan teatrı yüz əlli yaşını bayram edir. Bu möhtəşəm yubileyin təntənəli şəkildə qeyd edilməsi üçün ölkə başçısı xüsusi sərəncam imzalayıb.

Azərbaycan teatrı 150 ildir yaşayır, zamana, şəraitə, məkana uyğun formalaşır, yeni-yeni keyfiyyətlər qazanır, zamanla ayaqlaşmağa, tamaşaçı zövqünü oxşamağa çalışır. Teatr həmişə buna nail olurmu? Bu sualın cavabı birmənalı deyil. Teatr canlı orqanizm kimidir. Onun tərəqqi illəri də olub, tənəzzül illəri də. Mən əlli ildən çoxdur fəal teatr tamaşaçısıyam. Həmişə də teatr cameəsinin dramaturgiyadan, teatrdan gileyləndiyini eşitmişəm. Əlli il qabaq da belə idi, indi də belədir. Halbuki müstəqillik dövrünün teatrı da, onun əsas komponenti olan dramaturgiya da bütün mədəniyyətimiz üçün çox mürəkkəb bir zamanda Azərbaycan teatrını yaşada bildi. Hətta müstəqillik dövrünün dramaturgiyasının ən yaxşı nümunələri xarici ölkələrdə də tamaşaya qoyulur, mükafatlara layiq görülür. Bu gün Azərbaycan dramaturgiyası “Biləcəridən o yana” sindromu yaşamır”.

Ə.Əmirli qeyd edib ki, yubiley günündə problemlərdən danışmaq yerinə düşmür, amma reallıqla hesablaşmaq ziyan gətirməz:

“Teatrın həyatla ayaqlaşa bilmədiyini iddia edənlər bəlkə də haqlıdırlar. Doğrudan da teatr zamanın əhvalına, ovqatına, sərt reallığına tən gəlməli, adekvat olmalıdır. Amma nəzərə almalıyıq ki, bu gün teatr tənqid-təbliğ vasitəsi deyil, olmamalıdır da. Bununla belə, tamaşaçı səhnədən doğru söz eşitməli, real həyatımızın problemlərinin zəngin bədii təqdimatını görməlidir”.

Dramaturqun sözlərinə görə, yaxşı pyes hələ yaxşı tamaşa deyil. Onun yaxşı tamaşa olması üçün güclü rejissor və bütöv bir kollektivin peşəkarlığı tələb olunur:

“Teatra təqdim olunan pyeslə müəllif arasına onlarla adam girir. Deməli, hər kəs öz yerində yüksək peşəkar olmalıdır ki, tamaşaçını teatra gətirə bilən yeni teatr yaransın. Teatr heç də Stanislavskinin dediyi kimi asılqandan deyil, dramaturgiyadan başlayır. Təəssüf, dramaturgiyamızda müəllif tünlüyü yoxdur. Mövcud dramaturqları saymaq üçün bir əlin beş barmağı da çox gəlir, əslində isə çox güclü bir teatr mühiti yaranmalıdır, onlarla dramaturq yetişməlidir ki, içərisindən yaxşı mənada seçilənlər, parlayanlar olsun.

Bəzən teatr haqqında xeyli bədbin fikirlər səsləndirirlər: guya internet, sosial şəbəkələr, Yutub və sair adamları teatrdan uzaqlaşdırır, teatra, dramaturgiyaya maraq ciddi şəkildə azalır. Real mənzərə isə bu bədbin fikirlərin əksini göstərir. Azərbaycan teatrında son bir ildə, şərti olaraq deyim, pandemiyadan sonra xoş bir canlanma, tamaşaçıların teatra güclü axını var. Bax elə bu dövrün özündə neçə-neçə özəl teatr yaranıb. Gənc dramaturqların uğurlu əsərləri tamaşaya qoyulur. Teatrların tamaşaları demək olar ki, anşlaqla keçir. Elə mənim Azdramda artıq 40 dəfədən artıq oynanmış “Ah, bu uzun sevda yolu” pyesim əsasında Azər Paşa Nemətovun hazırladığı tamaşa həmişə anşlaqla keçir. Bu, onu göstərir ki, teatra insanların mənəvi ehtiyacı var. Nə kino, nə televiziya, nə internet canlı sənət olan teatrı əvəz edə bilər. Təki dramaturqlarımız, rejissorlarımız, aktyorlarımız, bir sözlə, teatrımız zamanın özü ilə bərabər irəliyə, inkişafa doğru addımlaya bilsin.

Sözümün sonunda bütün teatr cameəsini və teatrı sevən insanların hər birini Azərbaycan teatrının 150 illik yubileyi münasibətilə təbrik edirəm. Teatr olub, var, olacaq da!”

Teqlər: