Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov aprelin 21-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin 35-ci iclasında iştirak edib.
AzerTimes-ın məlumatına görə, videokonfrans formatında keçirilən iclasda açılış nitqi ilə çıxış edən Koreya Respublikasının Xarici İşlər naziri, İCAPP Daimi Komitəsinin həmsədri Çunq Eui-yonq İCAPP-ın fəaliyyətinə göstərdiyi fəal dəstəyə görə Yeni Azərbaycan Partiyasına xüsusi təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov ötən il 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.
O, həmçinin, bu ilin sonlarında Təhlükəsizlik və Əməkdaşlıq Naminə Xüsusi Konfransın keçirilməsi barədə YAP-ın təşəbbüsünün dəstəklənməsi və İCAPP-ın iş planına salınmasına görə quruma təşəkkürünü bildirib. Pandemiya şəraitində qurumun faliyyətini yüksək qiymətləndirən YAP təmsilçisi sonda İCAPP üzvlərini Bakıda keçiriləcək tədbirdə fəal iştiraka dəvət edib.