Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)

Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər,YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları rayonun Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Əhmədov Cavanşir Xeyrulla oğlunun məzarı önünə əklil və gül dəstələri qoyuldu.

Qeyd edək ki, şəhid Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub.2016-cı ildə orta məktəbi bitirərək Bakı İnşaat Kollecinə daxil olmuş və orada təhsil almışdır. Hərbiyə olan marağı onu atıcılıq kurslarında da iştirak etməyə sövq etmişdir. Cavanşir kursda snayper bacarıqlarına yiyələnmişdir. 2020-ci ilin iyul ayında təhsil aldığı Kollecin mühəndislik ixtisasını tam bitirərək hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayından Cavanşir Əhmədov Vətən müharibəsində döyüşlərdə fəal iştirak edib, bir sıra qəhrəmanlıq nümunələri göstərib. Murovdağ zirvəsinin, Cəbrayıl və Zəngilan rayonlarının, həmçinin Hadrut qəsəbəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. C.Əhmədov oktyabrın 15-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cavanşir Əhmədov oktyabrın 15-də Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Bildirilib ki, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, o cümlədən şəhid Cavanşir Əhmədov və onun döyüş yoldaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük şücaət göstərərək tarixi Qələbə qazanmaqla bizi 30 illik həsrətdən sonra əzəli torpaqlarımıza qovuşdurdular. Məhz onların qəhrəmanlığı, döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olunub. Vətən müharibəsində Azərbaycan istər döyüş meydanında, istərsə də diplomatiya sahəsində öz sözünü deyib və düşməni məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur edib.

Eyni zamanda qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan sosial siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən, Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasim iştirakçıları daha sonra şəhidin ruhuna dualar oxuyub, ailəsinə başsağlığı veriblər.

Teqlər: