Xəbər - Sədrəddin Ağcayev – Trend:
Gələn ilin ortalarına kimi Ələt azad iqtisadi zonası orada öz biznesini təşkil etməyə hazır olan ilk investor və sahibkarları qəbul edə biləcək.
Trend-in məlumatına görə, bunu Ələt azad iqtisadi zonası (AİZ) Səlahiyyətli Qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.
“İkinci mərhələdə Ələt AİZ-in ərazisinin genişləndirilməsi və sahibkarlar üçün yeni imkanların yaradılması planlaşdırılır”, – deyə o, bildirib.
AİZ-də yaradılan şərtlər barədə danışan V.Ələsgərov qeyd edib ki, dünyanın heç bir yerində biznes üçün daha cəlbedici şərtlər mövcud deyil.
“Ələt AİZ-in fərqli xüsusiyyəti ondan ibarətdir ki, burada sahibkarlar müddətsiz olaraq bütün növ yığımlardan azaddır. Bundan başqa, bizim hüquqi bazamız sahibkarların üzləşə biləcəyi bütün risklərin istisna olunmasını nəzərdə tutur. Hüquqi bazamız üstünlüyə malikdir və AİZ-də fəaliyyət üçün əsas bazadır”.
V.Ələsgərov əlavə edib ki, AİZ-in fəaliyyətinə heç bir dövlət orqanı müdaxilə edə və şirkətlər barədə hər hansı məlumatı istəyə bilməz.
“Bütün biznes prosedurları, lisenziyaların verilməsi, şirkətlərin qeydiyyatı sıra Ələt AİZ-in orqanları tərəfindən onun ərazisində aparılır. Biz həm də iş adamlarını idxal və ixrac olunan məhsullara görə vergi və yığımlardan azad edirik”, – deyə V.Ələsgərov vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)