Xəbər - Elçin Mehdiyev – Trend:
Ələt Azad İqtisadi Zonası Azərbaycana xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açır.
Bunu AzerTimes-TV-yə özəl müsahibəsində Ələt Azad İqtisadi Zonası (AİZ) Səlahiyyətli Qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov deyib.
V.Ələsgərov AİZ-in hazırda sürətlə davam edən tikintisi, burada yaradılacaq yüksək səviyyəli infrastruktur, investorlarlar üçün şərait, qanunvericilik bazası, qaydalar, dövlətin verdiyi üstünlüklər, istehsal ediləcək məhsullar, tətbiq ediləcək mükəmməl beynəlxalq təcrübə, iqtisadiyyata veriləcək töhfələr və ümumilikdə, zonanın gələcək iş prinsipləri barədə geniş açıqlamalar verib.
Sədr bildirib ki, “Ələt Azad İqtisadi Zonası haqqında” qanun ən yüksək beynəlxalq standartlara cavab verir: “Eyni zamanda, Ələt Azad İqtisadi Zonasında beynəlxalq standartlara uyğun infrastrukturun yaradılması istiqamətində işlər gedir. Biz bütün şəraiti investorların maraqlarına uyğun yaratmalıyıq ki, uğur qazana bilək. Mən əminəm ki, buna bizim imkanımız da var. Azərbaycanda digər uğurlu layihələr kimi, bu layihə də uğurla icra olunacaq və investorlar gəlib burada fəaliyyət göstərəcəklər”.
V.Ələsgərov vurğulayıb ki, AİZ-də yüksək texnologiyaların, dünya təcrübəsinin öyrənilərək mövcud şəraitə uyğun tətbiqi nəzərdə tutlur: “Azad zonada beynəlxalq standartlara uyğun, yüksək texnologiyalar əsasında hazırlanan ixracyönümlü məhsulları istehsal edən şirkətlərin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılacaq. Bu layihə Azərbaycan iqtisadiyyatının inkişafına, o cümlədən ixrac potensialının artmasına mühüm töhfə verəcək”.
Trend müsahibənin video versiyasını təqdim edir: