Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Belə mühüm layihələrdən biri də 850 hektardan ibarət Ələt Azad İqtisadi Zonasıdır. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bununla bərabər, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını, yeni investisiyaların cəlbini sürətləndirəcək.
Bu fikirləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, texniki göstəriciləri kifayət qədər yüksək olacaq Ələt Azad İqtisadi Ticarət Zonası ixracyönümlü istehsalın artmasına töhfə verəcəkdir, iqtisadiyyatımıza güclü təsir göstərəcək. Bu iqtisadi zona respublikamızda daha çox nəqliyyat və logistikanın formalaşmasına xidmət etməklə yanaşı, investisiyaların cəlb olunması prosesini də sürətləndirəcək. Ümumi sahəsi 850 hektar olan iqtisadi zonanın 60 hektarında layihələndirmə başa çatıb, inşaat işləri başlayıb və bütün infrastrukturun yaradılması üçün lazımi addımlar atılıb. Bu iqtisadi zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Əlbəttə burada ən mühüm məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının təmin olunmasıdır.
Azad İqtisadi Zonaya böyük sərmayələr qoyulacağını qeyd edən millət vəkili Tamam Cəfərova bildirib ki, bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorlar məhz bu zonaya cəlb edilsin. Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Bu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.
Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. Əlbəttə ki, investorlar üçün bunlar çox önəmli şərtlərdir.
İnvestorları cəlb edən daha bir amil Azərbaycandakı təhlükəsizlik mühitidir deyən T.Cəfərova vurğulayıb ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Bu amil çox önəmlidir.
Digər vacib amil ondan ibarətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözü ilə əməli heç vaxt fərqlənmir. Yəni, nəyi deyirsə, onu da edir. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Azərbaycan bunu etməyib. Çünki bunu etsə, investorlar qaçarlar. Bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və gələcəyə olan inam, xarici sərmayədarları bu zonaya cəlb edəcək.