Ələt Azad İqtisadi Zonası haqqında qanuna dəyişiklik layihəsi nə vəd edir?

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli
Məclisə daxil olan “Ələt Azad İqtisadi Zonası haqqında qanun”a
dəyişikliklər layihəsi müzakirə olunub.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, iclasda,
həmçinin, Ələt Azad İqtisadi Zona səlahiyyətli qurumunun idarə
heyətini sədri Valeh Ələsgərov, Dövlət Gömrük Komitəsi sədrinin
müavini Cavab Osmanov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin rəis müavini Samirə Musayeva iştirak ediblər.

İclasda komitə sədri Tahir Mirkişili layihə haqqında geniş
məlumat vermişdir. Yeni qanun layihəsi, bir çox məsələlərdə
dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin
təkmilləşməsinə şərait yaradacaq və eyni zamanda yerli
sahibkarların rəqabətqabiliyyətinin artmasına yardımçı olaraq
onları daha əlverişli iqtisadi mühitlə təmin edəcəkdir.

Belə ki, bir neçə dəyişiklikləri özündə ehtiva edən qanun
layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni
mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də
daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət
göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad
olmasıdır. Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri
üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir.
Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları
mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə
mənbəyində vergitutmadan azad olacaqlar. Bundan əlavə, əsas
iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata
malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma
məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına
bərabər tutulacaqdır. Bu da öz növbəsində əsas iqtisadiyyat
subyektlərinə mal və xidmət təqdim edərkən digər ölkə subyektləri
ilə rəqabət apara bilməsi üçün effektiv şərait yaradacaqdır. Qanun
layihəsində əks olunan yeniliklərdən biri də, azad zona işçilərinin
gəlirindən vergitutma daxili qaydalarla müəyyən edilməsidir.

Azad zonada gömrük işinin səmərəliliyinin artırılması məqsədilə
qanun layihəsində bir neçə dəyişikliklər nəzərə çarpır. Belə ki,
azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara
görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və
vergi tətbiq edilməyəcəkdir. Azad zonada tətbiq edilən gömrük
qanunvericiliyinə, nəzərdə tutulan hallarda əsas iqtisadiyyat
qanunvericiliyi də tətbiq oluna bilər. Gömrük işinin təşkili
zamanı, rəsmiləşdirməsinə və nişanlanmasına nəqliyyat vasitələri də
əlavə olunur. Qanun layihəsi əsas iqtisadiyyat subyektləri üçün
təminedici funksiyasını göstərəcək azad zona ərazisinin bir
hissəsini zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat
qanunvericiliyinin azad zonanın maraq və mənafelərinə xələl
gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilməsini
özündə birləşdirir. Bu da, azad zona hüquqi şəxsləri ilə əsas
iqtisadiyyat subyektləri arasında əməkdaşlıq və inteqrasiya
səviyyəsinin artmasına imkan verəcəkdir.

Qanun layihəsində azad zonanın fəaliyyətinin effektivliyinin
artırılması, mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun
təkmilləşdirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan digər
dəyişikliklər isə aşağıdakılardır:

– azad zona rezidenti və əsas iqtisadiyyatın vergi ödəyicisi
anlayışının dəqiqləşdirilməsi;

– cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinin azad zonada tətbiq edilməsi;

– azad zona səlahiyyətli qurumunun fəaliyyətinin effektivliyinin
artırılmasının təmin edilməsi üçün öz adından hüquqlar əldə etmək,
öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək
hüquqlarının əlavə edilməsi;

– azad zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas
iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri
göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiqi
nəzərdə tutan yeni maddənin əlavə olunması;

– azad zonaya investisiya qoymaq və azad zonadakı
fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz
xaricə köçürmək, xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq
hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilməsi və yalnız azad zona
hüquqi şəxsləri, onların investor və səhmdarları üçün bu hüququn
saxlanılması.

Teqlər: