Ələt Azad İqtisadi Zonası Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirəcək – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ələt Azad İqtisadi Zonası Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirəcək.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, hazırda Qaradağda yaradılan ən müasir və innovativ iqtisadi model olan Azad ticarət zonası tipli Xüsusi iqtisadi zonanın təşkili ilə bağlı kompleks işlər sürətlə davam etdirilir:

“Bu layihə həm Qaradağ rayonunun, həm də respublikamızın iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsində çox mühüm rol oynaycaq, sahibkarlığın və iqtisadiyyatın inkişafını sürətləndirəcək. Xüsusi iqtisadi zona ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılmasında da əhəmiyyətli rol oynayacaq. Bu baxımdan Qaradağ rayonu ərazisində beynəlxalq nəqliyyat qovşaqlarının yerləşdiyi ərazinin seçilməsi mühüm əhəmiyyət kəsb edir və bu layihənin həyata keçirilməsi iqtisadiyyatın inkişafına töhfə verəcək, texnoparklarla bağlı layihələrin miqyasının artmasına, bu sahəyə investorların axınına, yeni iş yerlərinin yaradılmasına və son nəticədə məşğul əhalinin sayının artımı fonunda insanların sosial rifahının yaxşılaşmasına səbəb olacaq. Yeni vergi rejimi, həmçinin, terxnoparklarda yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracınının güclənməsinə imkan verəcək”.

A.Hüseynov deyib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Qaradağ rayonunun Ələt, Korgöz və Lökbatan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi də nəzərdə tutulub:

“Bu mühüm sənəd Qaradağda uğurla davam etdirilən yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması sahəsində əlavə tədbirlərin həyata keçirilməsi deməkdir və sözügedən rayonun sosial-iqtisadi inkişafına töhfə verəcək. Qaradağda sürətlə aparılan yenidənqurma və əsaslı tikinti-bərpa işlərinin miqyasca böyüməsinə səbəb olmaqla, rayonun bütün yaşayış məntəqlərinin abadlaşdırılmasını və insanların zəruri sosial infrastrukturlarla təmin edəcək”.

Millət vəkili qeyd edib ki, Qaradağ rayonu hazırda özünün sürətli inkişafının yeni mərhələsinə daxil olub. Dövlət başçısının diqqət və qayğısı, birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bütün infrastrukturlar müasirləşir, yol-nəqliyyat, sosial obyektlərin inşası genişlənir, rayonda ən müasir sənaye və mühüm istehsal, emal, xidmət obyektlərinin tikintisi uğurla aparılır.

Teqlər: