Elektron siqaretlərlə bağlı dövlət standartı qəbul edildi

Elektron siqaretlərlə bağlı dövlət standartı qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilib.

Dövlət Xidmətindən AzerTimes-a bildirilib ki, dövlət standartı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə şamil edilir və bir sıra təhlükəsizlik və keyfiyyət tələblərini özündə əks etdirir.

Belə ki, standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir. Sənəddə həmçinin elektron siqaret məhsullarının tərkibində olmamalı olan maddələrin siyahısı da yer alıb. Standart “Toxum və əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi yem bitkilərinin qida məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 27) tərəfindən təqdim edilib. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb. Məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və ya əvəzsiz verilməsi, həmçinin 18 yaşa çatmamış şəxslər tərəfindən istifadəsi qadağandır.

Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirildiyi barədə müraciət daxil olmuşdu. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən 9 sahibkar müəyyənləşdirilib və həmin sahibkarlara satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanmışdı. Nəticədə, həmin sahibkarlar tərəfindən idxal edilən 11 adda birdəfəlik istifadə üçün elektron siqaretin üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.

Teqlər: