Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil bazarına yeni daxil olduğu üçün insanlarda maraq yaradır. Ona görə də, maşın alarkən elektromobillərə yönəlirlər. Amma bu avtomobillərin bazarda yeni olması da bəzi suallar doğurur.
AzerTimes xəbər verir ki, bəzi sürücülər böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olduqlarını deyiblər.
Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Bizim.Media”ya bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var.
“Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşının Azərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”.
Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Tələbatın az olmasını da hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmaması ilə əlaqələndirib:
“Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.