Xəbər verdiyimiz kimi, Dyuk Universiteti və Texas Texniki Universitetindən olan alimlər “əbədi kimyəvi maddələr” kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyinin elektromobillərin istehsalı ilə əlaqəli olduğunu ortaya çıxarıblar. Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb. Ətraf mühitdə çətin parçalanan PFAS orqanizmdə xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olur.
Məsələ ilə bağlı AzerTimes-a danışan nəqliyyat eksperti Elməddin Muradlı araşdırma barəsində heç bir rəsmi sənəd olmadığını deyib.
O bildirib ki, elektromobillərin suyu, havanı çirkləndirdiyi, ekologiyaya ciddi zərər vurduğu ilə bağlı rəsmi sənəd olsaydı, onun qarşısını almaq uğrunda güclü mübarizə başlayardı:
“Doğrudan da bu qədər zərərlidirsə, kütləvi şəkildə dünyada necə yayılır? Hesab edirəm ki, bu, elektromobillərin sürətlə artımı və genişlənməsinə qarşı yanacaq mafiyasının müqavimətidir”.
Ekspert elektromobillərlə bağlı utilizasiya məsələsinə hələlik çarə tapılmadığını qeyd edib:
“Elektromobillər bu gün dünyanın kəşf etdiyi ətraf mühitin qorunması üçün ekologiyaya az zərər vuran yeganə nəqliyyat növüdür. Yalnız onların akkumlyatorları sıradan çıxdığı zaman utilizasiya məsələsi hələlik sual doğurur. Çünki utilizasiya özü ağır prosesdir. Bu akkumlyatorların suya, torpaq təbəqəsinə zərər vurmadan necə təhlükəsiz formada utilizasiya ediləcəyi məlum deyil. Amma hazırkı məqam üçün bundan üstün texnologiya yoxdur”.