Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları – Anar Mahmudov və Nərgiz Mahmudova məhkəməyə verilib.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, iddiaçı Ağarəhimov İlqar Ağarəhimoviç adlı vətəndaşdır.
Onun iddiası artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Açıq mənbələrdə məhkəmə çəkişməsinin detalları barədə məlumat yoxdur.
İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.
Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.
Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.
Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.
Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.