Eldar Həsənovun həbs müddəti daha 3 ay uzadıldı

Xəbər - Samir Əli – Trend:

Bu gün Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri, hazırda həbsdə olan Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

AzerTimes-ın məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, Eldar Həsənovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra onun barəsində aparılan cinayət işinin istintaqı DTX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə edilib.

Teqlər: