Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları
rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı
tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizovun Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri ilə görüşü
olub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AzerTimes-a
verilən məlumata görə, sakinlərin problemlərinin öyrənilməsi və
aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Coşqun Cəbrayılov, Bakı şəhərinin və Nizami rayonunun bütün
təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək
200 nəfər Keşlə sakininin müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov bildirib ki, inkar edilməz faktdır ki, bu gün keçmiş Sovet
İttifaqının tərkibində olan 15 müttəfiq respublikadan yalnız
Azərbaycanda inkişaf vardır. Torpaqlarımız azad edilib, ölkədə
sabitlik hökm sürür, bütün sahələrdə inkişaf gedir. Bütün bunlar
ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik
siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət
faktoru, İlham Əliyev fenomeni dayanır.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi
üzrə nümayəndə əvəzi Anar Ağayev qəsəbədə görülmüş işlərlə bağlı
hesabat verdi.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və
sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 40 nəfərə
qədər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Keşlə qəsəbəsində
görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata
keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq
tapşırıqlar verildi. Bütün müraciət və təkliflər nəzarətə
götürüldü.