Sabiq merimiz Hacıbala Abutalıbov Bakını “fəvvarələr şəhəri”nə çevirməyə çalışırdı, hər yerdə “musiqili fontan”lar qoyurdu. Eldar Əzizov Hacıbala müəllimdən də qabağa gedib – hazırda Bakı küçələrində şəlalələr təşkil edir.
Ötən həftə yağan yağışlar zamanı Bakı sakinlərinə bu möhtəşəm gözəlliyi yaşatdığı üçün Eldar Əzizova təşəkkür etməyə, təəssüf ki, körpülər aman vermədi, bəziləri bu şəlalələrdən fərəhlənib, süni gölə çevrildilər! Biz Bakıda süni gölləri quruduruq ki, ev tikək, göydələn ucaldaq, bunlar süni gölə çevrilirlər!
Çox yaramaz, sözəbaxmaz ünsürlərdir bu körpülər. Xatirimdədir, bir neçə il öncə qət-təzə körpülər az qalmışdı Ziya Məmmədovu biabır eləsin: körpüləri tikəndən sonra məlum olmuşdu ki, beton plitə tökəndə aralarında müəyyən məsafə qoymaq lazımmış, çünki betonlar “nəfəs” alırmış – isti və soyuqda ölçülərini dəyişirmişlər.
Biabırçılıqdır! Ziya müəllim bunu necə düşünə bilərdi? Zatən adam nəfəs alar, beton yeyər, armatur çeynəyər, ən bəd başı, ayı kabab edər – beton plitə də nəfəs alar?
İndi də Bakıdakı körpülər, daha doğrusu, yeraltı yol ötürücüləri ağ edir – nə ağsaqqal bilirlər, nə ağbirçək…
Hələ ötənhəftəki yağışlarda Eldar müəllim şəxsən Bağırov körpüsünə getdi, baxdı və güman etdik ki, daha bu körpü ağıllanar, bir də belə şey etməz – hər necə olsa, şəhərin başçısıkörpünü ayağına gətizdirməyib, şəxsən özü gedib onun görüşünə, danışıqlar aparıb…
Ancaq buna da Bağırov körpüsü deyərlər, özü qədər tərsi yoxmuş! Bağırov Stalinin sözünə baxmırdı, körpüsü merin sözü iləmi oturub-duracaq?
Yeni, növbəti yağışlarda bir daha “doldu”.
Körpünün özünü bu qədər tərbiyəsiz aparıb, söz eşitməməsinin səbəbini tapmaqda acizik.
Zatən Bakı meriyası da ötən dəfə dedi ki: 1) Bütün dünyada yağış normadan qat-qat artıq yağanda belə problemlər olur; 2) Bakının drenaj sistemi sovetdənqalmadır və suaşırma qabiliyyəti çox zəifləyib.
Doğrusu, bilmədik günah yağışın çox yağmasındadır, yoxsa drenaj sistemində. Ola bilsin ki, hər ikisində:
– Əvvəla, qar dağına baxıb yağdığı kimi, yağış da şəhərinə baxıb yağmalıdır. Ayıb deyilmi Bakıya bu qədər yağış düşür? Görmür ki, yağış yağanda körpülər özünü naza qoyur, sözə baxmır?
– İkincisi, bu sovetdənqalma sistemi dəyişmək Bağırovun borcudur; necə tikib, indi də gəlsin zibilini təmir etsin. 30 ildir yolları çiçək kimi düzəldirik, hər yağış yağanda sovetlərin üzə çıxan zibillərinə görə əhalinin narazılığı ilə üzləşirik!
Təklif edirəm, Eldar Əzizov bu dəfə də Bağırov körpüsünü başa salmaq üçün getsin. Ancaq indi danlamasın, and versin ki, sən Mir Möhsün Ağanın cəddi, bir də belə zad eləmə, bir həftəyə dünya tökülüşüb gələcək Bakıya. Yenə belə etsən, biz “nağayracuq”?
Baxma, Bağırov da seyid olub, Mir Möhsün Ağa andına zidd getməz…