3 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.
DSX-dən AzerTimes-a verilən məlumata görə, general-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulayıb.
Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.