Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilib.
AzerTimes məlumatına görə, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş tarixi Zəfərin Azərbaycanın inkişafında yeni dövrün başlanğıc nöqtəsinə çevrildiyini bildirib.
Samir Nuriyev keçirilən iclasın bir il ərzində görülmüş işlərin qiymətləndirilməsi baxımından Əlaqələndirmə Qərargahı üçün xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.
Qərargah rəhbəri dövlətimizin başçısının müəyyən etdiyi tapşırıqların, ötən dövr ərzində görülmüş işlərin onun tərəfindən daim diqqətdə saxlanmasının Azərbaycanın siyasi və iqtisadi potensialının işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə hədəfləndiyinin göstəricisi olduğunu qeyd edib. Samir Nuriyev bu ərazilərin ən qısa zamanda bərpası və yenidən qurulması, bura qayıdışın tezliklə təmin edilməsi üçün həyata keçirilən tədbirlərin miqyasının və sürətinin daha da artırılmasının, qurumlararası koordinasiyanın və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İclasda Azərbaycan Respublikası Prezidentinin Qərargah qarşısında qoyduğu tapşırıqların icrasına dair məruzələr, həmçinin ötən bir il ərzində görülən işlər üzrə hesabatlar dinlənilib.
Bildirilib ki, bölgənin Ümumi Planının hazırlanması artıq yekun mərhələdədir, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin Baş planları dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında hazırlanıb və təqdim edilib. Digər şəhərlərin Baş planlarının hazırlanması isə sürətlə davam etdirilir. Dövlətimizin başçısının iştirakı ilə artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub.
İşğaldan azad edilmiş ərazilərin çoxsahəli potensialına uyğun olaraq bölgədə iqtisadi fəaliyyətin qısa zamanda bərpası istiqamətində görülmüş işlərə dair məlumat verilib. Sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərlə bağlı bildirilib ki, taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.
Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər çərçivəsində 2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanının dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biri olduğu qeyd edilib. Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır.
Ötən il noyabrın 16-da təməli qoyulan “Zəfər Yolu”nun tikintisi müvəffəqiyyətlə başa çatdırılıb və cari ilin noyabrın 7-də açılışı olub. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir.
İclasda bölgədə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların tikintisinin qısa müddətdə başa çatdırılaraq istifadəyə verildiyi, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işlərinin davam etdirildiyi vurğulanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.
Ötən dövr ərzində işğaldan azad edilimiş ərazilərdə mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Tarix-mədəniyyət abidələrinə sistemli baxış keçirilməsi, onların qeydiyyatının aparılılması istiqamətində görülən işlər yekunlaşdırılıb. Şuşa şəhərində “Xarıbülbül” və “Qarabağ” otelləri istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, büstü, Natəvan bulağı, Bülbülün ev muzeyi, Yuxarı Gövhərağa məscidi qısa müddətdə bərpa edilib. Aşağı Gövhərağa və Saatlı Məscidlərinin, Mehmandarovların evinin bərpası işləri davam etdirilir. Bir sıra şəhərlərdə yeni Zəfər muzeylərinin və memorial komplekslərin təməli qoyulub.
30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan təbiəti, ətraf mühiti və təbii sərvətlərinə vurulan zərərin aradan qaldırılması, bölgənin təbii ekosisteminin, bioloji müxtəlifliyinin bərpası, qorunması və yaşıl enerji məkanlarının artırılması istiqamətində görülmüş işlərə dair məruzə dinlənilib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamından irəli gələn tapşırıqlar üzrə Zəngilan rayonu ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi istiqamətində işlərə başlanıldığı diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, o cümlədən “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən tədbirlər fasiləsiz minatəmizləmə fəaliyyəti ilə müşayiət olunur. İşğaldan azad olunmuş ərazilərdə ötən bir il ərzində 20 min hektara yaxın ərazinin minalardan təmizləndiyi bildirilib.
Yekun çıxışında Qərargah rəhbəri Samir Nuriyev dövlətimizin başçısının “Döyüş meydanlarında əldə etdiyimiz tarixi Qələbə sülh və quruculuq qələbəsi ilə davam etməlidir” fikrinə istinad edərək bildirib ki, qazanılmış tarixi Zəfərinin kökündə Azərbaycan Prezidentinin dövlətimizin daha da güclənməsi və inkişafı üçün uzun illər ərzində böyük əzmlə gördüyü çoxşaxəli işlərin durduğu kimi, işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi də dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə söykənir.
İclasda qarşıda duran vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib.