Elan edildi: Çin ordusu Rusiya ordusu ilə birgə…

Elan edildi: Çin ordusu Rusiya ordusu ilə birgə…

ABŞ və NATO rəhbərliyi Çini Ukrayna müharibəsində Rusiyaya dəstək verməkdə günahlandırır. Pekin isə hər dəfə bu ittihamları rədd edərək, iki ölkə arasında ancaq iqtisadi və ticarət əməkdaşlığının mövcud olduğunu bəyan edir.

AzerTimes xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin analizində deyilib.

Bildirilib ki, Pekin müharibəni davam etdirmək üçün Rusiyaya hərbi texnika satmadığını bəyan edir:

“Vaşinqtonun və Brüsselin isə mövqeyi belədir ki, Rusiya hərbi-sənaye kompleksi üçün lazım olan avadanlıqları və müasir texnologiyaları məhz Çindən əldə edir.

Bu arada, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Syan açıqlama verərək, Çin ordusunun Rusiya silahlı qüvvələri ilə birgə dünyada ədaləti qoruyacağını bildirib. Çin nümayəndəsi beynəlxalq və regional sabitlik naminə iki ölkənin silahlı qüvvələrinin birgə çalışacağını vurğulayıb. Pekin bu açıqlama ilə Vaşinqtona və Brüsselə mesaj göndərib ki, Çin Rusiya ilə hərbi əməkdaşlığı gizlətmək fikrində deyil, eyni zamanda iki ölkənin silahlı qüvvələrinin beynəlxalq və regional sabitliyi birgə qoruyacağı” bəndi beynəlxalq aləmin narahatlığına səbəb olacaq.

Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tayvan ətrafında hərbi təlimlərin də izahını verib: “Hərbi təlimlər Tayvanın müstəqilliyi və bu siyasətə dəstək verənlərə qarşı mübarizə vasitəsidir. Bu, Çinin qanuni addımıdır. Tayvan Çinin daxili məsələsidir. Bu baxımdan Çin praktik addımlarla ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumağa hazırdır”.

Pekin Tayvanın Çinə birləşməsi məsələsini Avropa nümunəsi ilə müqayisə edib: “İki Almaniya birləşdiyi kimi Çin və Tayvan da birləşməlidir”. Yəni Pekin demək istəyir ki, Almaniyanın birləşməsi normal qəbul olunduğu kimi Tayvanın da Çinə birləşməsini beynəlxalq aləm normal qəbul etməlidir”.

Analizdə vurğulanır ki, Çinin Tayvana hücum edəcəyi təqdirdə dünyanın böyük iqtisadi itkilərlə üzləşəcəyi barədə proqnozlar var:

“Hesablamalara görə, müharibə nəticəsində həm qlobal ticarət pozulacaq, həm də dünya iqtisadiyyatı, təxminən, 10 faiz kiçiləcək. Tayvan boğazı qlobal yük daşımaları üçün çox vacibdir, çünki yük gəmilərinin 50 faizindən çoxu bu bölgədən keçir. Çin-Tayvan toqquşması qlobal tədarük zəncirini pozacaq.

Çinin Monqolustan və Kamboca ilə birgə keçirdiyi hərbi təlimlər də diqqətdən yayınmayıb. Bu təlimlər Çin üçün qlobal mənzərədə təsirini genişləndirmək üçün güclü vasitə rolunu oynayır. Çin Cənub-Şərqi Asiyada rekord sayda hərbi təlimlər keçirməklə artan gücünü nümayiş etdirir.

Kreml Tayvan məsələsində Çinin mövqeyini tam dəstəkləyir. Rusiyanın informasiya agentlikləri bu mövzuda Çin-Ukrayna münasibətlərini gərginləşdirmək məqsədilə Kiyevin Tayvanla gizli əlaqələri barədə xəbərlər yayıblar. Ukrayna nümayəndə heyətinin aprel ayında Tayvana səfər etdiyi bildirilib. Nümayəndə heyəti Tayvan hökumətinin Ukraynanın enerji infrastrukturunun yenidən qurulmasında iştirakını təklif edib. Kiyev Pekinlə münasibətlərdə gərginlik istəmir. Ona görə də Kiyevin Tayvanla münasibətləri inkişaf etdirməyə çalışması xəbərləri şübhəlidir. Çünki bu halda Ukrayna-Çin münasibətləri gərginləşəcək”.

Teqlər: