Əlamətdar görüntülər: Prezident İlham Əliyev və “Harop” (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib.

AzerTimes-ın məlumatına görə. Prezident İlham Əliyev zirehli döyüş avtomobilini idarə edib və “Harop” pilotsuz uçuş aparatlarına baxıb. Daha sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı görüdə çıxışı zamanı Vətən müharibəsi, Cəbrayılın azad olunmasının önəmi və regionda son vəziyyət barəsində danışıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müstəqil siyasət aparan ölkədir:

“Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”.

Teqlər: