Əlahiddə Ümumqoşun Orduda Zəfər Günü təntənəli şəkildə qeyd edilib, hərbi qulluqçular mükafatlandırılıb (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr – Zəfər Günü təntənəli şəkildə qeyd edilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlimata görə, silsilə tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Zəfər Günü münasibətilə şəxsi heyətə təbriklərin çatdırıldığı tədbirlərdə 44 günlük müharibə ilə qazanılan Qələbədən danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması və mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordunun qazanılan şanlı qələbədə xüsusi payı vardır. Çıxış edənlər müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan da danışıblar.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına müxtəlif orden və medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.

Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib. Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə şəhər və rayon mədəniyyət kollektivlərinin solistləri bayram ovqatlı mahnılar ifa ediblər.

Teqlər: