Əlahiddə Ümumqoşun Orduda növbəti taktiki-xüsusi təlim keçirilib. Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi təlimi Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, taktiki-xüsusi təlimin senarisinə uyğun olaraq pilotsuz uçuş aparatlarından və digər kəşfiyyat vasitələrindən əldə edilmiş məlumata əsasən düşmənin xüsusi hazırlıq keçmiş terror qruplaşmaları dinc və sabitlik şəraitində yaşayan insanlara qarşı təxribat törətmək üçün silah-sursat anbarlarına qanunsuz daşıma fəaliyyəti həyata keçirirlər.
Təxribata hazırlaşan terror qruplaşmasının rəhbərinin sağ olaraq ələ keçirilməsi və dinc insanları hədəf alan silah-sursat anbarlarının aşkarlanaraq məhv edilməsi məqsədilə xüsusi təyinatlı bölmələrimiz antiterror əməliyyatına başlayır.
Xüsusi təyinatlılarımız nəqliyyat-döyüş helikopterlərinin dəstəyi ilə terrorçuların gizləndikləri binaya basqın həyata keçirirlər.
Antiterror əməliyyatlarının icrası zamanı müxtəlif üsul və vasitələrdən istifadə etməklə binaya daxil olan xüsusi həmlə qrupları təxribatçıları zərərsizləşdirməyə davam edirlər.
Yaxın döyüş və atəş üsullarının tətbiqi ilə terrorçuları zərərsizləşdirən xüsusi təyinatlılarımız mülki vətəndaşlarımızı hədəf alan düşmənin silah-sursat anbarlarını aşkarlayaraq partladırlar.
Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri digər istiqamətdə xüsusi həmlə qrupumuz tərəfindən pusquya salınır və sağ olaraq ələ keçirilir.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev xüsusi təyinatlı bölmələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində olduğu kimi təlimlər zamanı da tapşırıqların yüksək peşəkarlıqla icra edilərək qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu diqqətə çatdırıb.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.