Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib. Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edildi və Dövlət Himnimiz səsləndirildi.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içdilər.
Tədbirdə hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzuladı.
Gənc əsgərlərdən Emil Rəhimov hərbi andın və nizamnamələrin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edərək hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını mükəmməl mənimsəyib həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz verdi.
Polkovnik Mehman Gülməmmədov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirdi ki, hər bir əsgər xidmət etdiyi hərbi hissədə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün öz vəzifə borcunu şüurlu surətdə dərk etməli və xidməti vəzifələrini vicdanla yerinə yetirməlidir. Bu gün təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olan gənclərimiz bilməlidirlər ki, hərbi anda sadiq olan əsgər döyüş və xidməti fəaliyyətində son damla qanına qədər vəzifə borcunu şərəflə yerinə yetirir, düşmən üzərində qələbəyə sarsılmaz inamı ilə döyüş qabiliyyətini və ustalığını daha da artırır.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatdı.