Xəbər - Samir Əli – Trend:
COVID-19 virusunun təyinatı ölkədə PZR yaxma üsulu ilə qəbul edilir. Bəzən vətəndaşlar müxtəlif klinikalarda yaxma verirlər və nəticələri pozitiv olduğu halda sistemə xəstə olaraq daxil edilə bilmirlər. Səhiyyə Nazirliyi bu yaxma analizlərinin fərqini açıqlayıb.
AzerTimes-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy bildirib ki, COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir.
Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur: “Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Yanlış anlaşılmaya səbəb isə həm antigen həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Bu üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil. Koronavirusunun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir”.