Ekspert “halal dərman”ı topa tutdu: Kim, necə yoxlayacaq?

Ekspert “halal dərman”ı topa tutdu: Kim, necə yoxlayacaq?

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkədə standartla bağlı çoxlu problemlərin və dərman istehsalının sıfır səviyyədə olduğu halda belə bir qərar qəbul edib.

Bu sözləri AzerTimes-a Azərbaycanda halal dərmanların satışa çıxarılacağı haqda yayılan məlumatı şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov deyib.

Hüseynovun fikrincə, bu qərar hansısa xarici dövlətin təsiri altında qəbul edilib:

“Bu qərar insanları nəyəsə cəlb etmək məqsədi daşıyır. Məsələdən nə ictimai təşkilatların, nə də medianın məlumatı olub. Mətbuata da məlumat anlaşılmayan formada təqdim olunub”.

Onun sözlərinə görə, hazırda ölkədə adi standartlar belə yoxdur:

“Ən primitiv nümunə olaraq istehsalçı üçün məhsul üzərində nəyi, harada, necə yazmaq lazım olduğu haqda məlumat standartının hazırlanmadığını demək olar. İstehsal zamanı çoxsaylı amillər nəzərə alınmalıdır. Dərmanların tərkibində çoxlu qatqılar var. Halal qidanın standartı belə mükəmməl deyil. Mən 8 il öncə dünyanın 53 ölkəsindən, o cümlədən, ABŞ-dan gəlmiş geoloqlar, professorların iştirak etdiyi Dünya Halal Konqresində oldum. Onlar qidaya qarışdırılmış inqridientlərin, stabilizatorların, qoxuverici və dadvericilərin və s. halallığının necə müəyyən olunması haqda müzakirələr apardılar. Lakin 3 günlük müzakirələrin sonunda heç bir cavab tapılmadı. Bəs dərmanın halallığı necə müəyyənləşdiriləcək? Onu kim araşdıracaq? Azərbaycanda bununla bağlı laboratoriyalar varmı? Ölkədə adi şprisi belə araşdıra bilmirlər. Güman edirəm ki, belə standart qəbul olunsa, Azərbaycana hardansa halal adı altında dərmanlar gətiriləcək. İnamı olan insanlar onu qəbul etməyə və almağa məcbur olacaqlar. Düşünürəm ki, bu, hansısa mənasız biznesin inkişafı üçündür və cəmiyyətin tələbinə uyğun olmayan məsələdir. Əgər Azərbaycanda dərman istehsalı biznesi olsaydı, o halda belə dərman vasitələrinin istehsalına başlanmasının tərəfdarı olardım”.

Qeyd edək ki, bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələblərin müəyyənləşdirilməsi üçün dövlət standartını qəbul edib. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə də rəsmi qaydada razılaşma əldə olunub.

Teqlər: