Xəbər - Fərid Zöhrabov – Trend:
Səhiyyə Nazirliyinin nümayəndələri əks-göstəriş sertifikatının verilməsi ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Vətəndaşları maraqlandıran, əsas suallardan biri də, əks-göstəriş sertfikatı almaq istəyənlərə hansı hallarda neqtiv cavab gəlir?
Trend həmin cavabı təqdim edir:
19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirdi ki, neqativ cavablar 3 cür olur. Birincisi, komissiya təqdim olunan diaqnoza görə sənədləri yoxlayır. Əgər idarəolunmayan epilepsiyadırsa və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər. Amma əgər kimdəsə qıcolma tutmaları olmur, yəni xəstəliyin remissiya dövründədir, onda əlbəttə ki o insanlara, bütün dünyada olduğu kimi, bizdə də “Sinovac” vaksinini vurmaq olar.
İkinci neqativ cavabımız mütəxəssis rəyi olmadığı zaman verilir. Məsələn, xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayış təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və s. mütəxəssislərin rəyi lazımdır. Müraciət zamanı onkoloji xəstədir və hal-hazırda vəziyyəti stabildir, yəni onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdur. Bu insanlar üçün o arayış əks göstəriş deyil. Amma elə xəstələr var ki, onlar kimyaterapiya alırlar. Peyvənd istehsalatçının instruksiyasında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupresiv (zəiflədici) kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndləməlidir və sonra immunsupresiv kimyaterapiyasını davam etməlidir. Bu zaman onlara müvəqqəti əks göstəriş verilir, yəni sənəddə qeyd olunur ki, immunsupresiv kimyaterapiyası bitəndən sonra artıq o, peyvəndi vura bilər.
Üçüncü neqativ cavabımız o hallarda olur ki, qadın hamilədir, amma bunu təsdiq edən heç bir sənəd yoxdur. Yəni, qadın sadəcə olaraq özəl klinikalarda ultrasəs müayinəsindən (USM) keçib. Hamiləliklə bağlı sənədlər tam olmadığından bu halda bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb olunur.