Kliniki Tibbi Mərkəzə doğuş üçün gedən Mədinə Hacıyeva əkiz uşağa hamilə olduğunu, doğuş zamanı 1 övladının “yoxa çıxdığını” iddia edib.
AzerTimes xəbər verir ki, bu barədə o, Citypost.az saytına danışıb.
Hamiləlik dövründə dəfələrlə USM müayinəsindən keçdiyini, hər birində isə əkiz uşaq gözlədiyi ilə bağlı həkim rəyi aldığını deyən Mədinə Hacıyeva doğuşun 6 ay əvvəl baş tutduğunu qeyd edib:
“Müalicə və müayinə həkimim Solmaz Mehdiyeva əməliyyata gəlmədiyi üçün doğuş prosesini həmin gün növbədə olan Minurə Kazımova həyata keçirdi. Əkiz uşağa hamilə olduğum halda mənə bir oğlan uşağı dünyaya gətirdiyimi bildirdilər. Mənim və yoldaşımın nəslində əkiz uşaq dünyaya gətirən şəxslər var. Yəni əkiz uşağa hamilə qalmaq şansım realdır. Müayinələr zamanı həkimlər bu diaqnozu dəfələrlə təsdiqləyib. Doğuş günü “Semaşko”nun USM aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da əkiz uşağa hamilə olduğumu təsdiqlədi. Doğuşdan bir neçə dəqiqə əvvəl uşaqların ürək döyüntülərini də dinlədik”.
Aidiyyəti qurumlara şikayət etdiyini deyən M.Hacıyeva müraciət etdiyi dövrdə Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru Könül Ələkbərovla da şəxsən görüşdüyünü, bir müddət sonra şikayətləri dayandırması üçün USM həkimi Zeynəb Osmanova və klinikanın Cəmilə adlı əməkdaşının ona pul təklif etdiyini iddia edib:
“Mənə övladımın lazım olduğunu bildirdim”.
Məsələ ilə bağlı danışan Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, 6 ay əvvəl şikayətçi ilə görüş keçirilib, ona USM müayinəsi zamanı yanlışlığa yol verildiyi izah edilib:
“Həmin həkim də işdən çıxarılıb. 6 ay sonra şikayətçi saytla birləşərək, pul almaq məqsədi ilə məsələni yenidən gündəmə gətirib. Bu yerdə bizim mövqeyimiz yoxdur”.
Mədinə Hacıyevanın şikayəti əsasında Nəsimi Rayon Prokurorluğunda, rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.