Əkin sahələrində yanğınlarla bağlı sahibkarlara sığorta ödənişləri ediləcək

Xəbər - Samir Əli – Trend:

Əkin sahələrində yanğınlarla bağlı sahibkarlara sığorta ödənişləri ediləcək.

Aqrar Sığorta Fondundan AzerTimes-a verilən məlumata görə, son dövrlər ölkənin müxtəlif ərazilərində açıq sahələrdə baş verən yanğınlar əkin sahələrinə də zərər verib. Artıq yanğınların əkin sahələrinə vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər başlanıb.

İlkin müraciətlər Samux və Hacıqabul rayonlarında sığortalanmış taxıl sahələri ilə bağlıdır. Bundan başqa, İsmayıllıda dolu vurması nəticəsində üzüm bağına dəyən zərərlə bağlı Fonda müraciət daxil olub.

Hazırda daxil olan müraciətlər Aqrar Sığorta Fondunda araşdırılır, müstəqil ekspertlər tərəfindən sahələrə baxış keçirilir, dəyən zərərin həcmi müəyyənləşdirilir. Müvafiq prosedurlar tamamlandıqdan sonra həmin hadisələrlə bağlı ödənişlərin verilməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondu bir daha fermerlərin nəzərinə çatdırır ki, sığortalı əkin sahələrində istənilən səbəbdən baş verən yanğın sığorta hadisəsi sayılır. Yanğın hadisəsi nəticəsində dəyən zərərin həcminə uyğun olaraq sığorta ödənişi həyata keçiriləcək.

Aqrar Sığorta Fondu fermerlərin diqqətinə çatdırır ki, baş verən yanğınları və təbiət hadisələrini, onların nəticəsində təsərrüfatlarına dəyən zərəri nəzərə alaraq öz əkin sahəlirini vaxtında sığortalasınlar.

Müşahidələr göstərir ki, yanğınlar və təbiət hadisələri ehtimalı yüksək olan riskilərdir və fermerlərin təsərrüfatlarına böyük zərər vuraraq onları gəlirdən məhrum edə bilər.

Aqrar sahədə çalışan iş adamları və fermerlərin belə hallarla üzləşməməsi, məhsullarını, gəlirlərini və investisiyalarını itirməməsi üçün Aqrar Sığorta Fondu onları öz təsərrüfatlarını, payızlıq əkin sahələrini sığortalamağa dəvət edir.

Qeyd edək ki, fermerlər payızlıq əkinlərin sığortalanmasına artıq avqustun sonundan başlayaraq müraciət edə bilərlər. Bunun üçün Aqrar Sığorta Fondu (Telefon: 1651), aqrar sığorta sistemində təmsil olunan sığorta şirkətləri, eləcə də rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etmək kifayətdir.

Teqlər: