Ağdam. Aslan Məmmədli – Trend:
Ağdamda əkin sahələri işğaldan azad edilən su mənbələri
vasitəsilə suvarılacaq. Bunun üçün aidiyyəti qrumlar tərəfindən
hazırlıq prosesi gedir.
44 günlük Vətən müharibəsinə kimi Ağdamın bizdə olan
ərazilərində əkin sahələrinin suvarılması prossesi uzun vaxt
aparırdı. Belə ki, Xaçınçay və Ağdamkənd su anbarları düşmənin
nəzarəti altında olduğundan suların qarşısı kəsilmişdi. Bu da
məhsuldarlığa öz mənfi təsirini göstərirdi. İllərdi fermer kimi
fəaliyyət göstərən müsahibimiz bildirir ki, işğal müddətində
fermerlər öz əkin torpaqlarını artezan quyuları vasitəsilə
suvarıb.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Ağdamdakı əkin
sahələrində aparılan işlərlə tanış olub, fermerlərlə söhbətləşib.
Hazırda bu problem aradan qaldırılır. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad
etdikdən sonra həmin ərazilərdəki su mənbələrindən istifadə artıq
fermerlərin də işini asanlaşdırıb. Fermerlər suvarma işinin təşkili
üçün aparılan sürətli işlərə görə Prezident İlham Əliyevə təşəkkür
ediblər.
İndi fermerlər əkin sahələrini vaxtlı-vaxtında suvarmaqla yanaşı
həm də yüksək məhsuldarlıq əldə edə biləcəklər. Fermerlər Trend-n
çəkiliş qrupuna bildiriblər ki, işğaldan azad edilən ərazilərdə su
mənbələrindəki suyun tərkibinin mineral maddələrlə zəngin olması
əkin prossesində yüksək məhsuldarlığın əldə olunmasına şərait
yaradacaq.
Hazırda Ağdam Mexaniki Suvarma İdarəsi 35 min 400 hektar kənd
təsərrüfatı bitkilərinin suvarılmasına və eləcə də 75 min nəfər
əhalinin içməli və məişət suyuna xidmət edir.
Hazırda idarənin balansında 986 subartezan quyusu, 4 nasos
stansiya, 4 suyığıcı göl, 192 hidrotexniki qurğu və 365 kilometr
suvarma kanalları mövcuddur. Həmin subartezan quyuları 120, 65, 40
kub həcmində su verən subartezan quyularıdır. Müsahibimiz deyir ki,
illər öncə həmin subartezan quyularının məhsuldarlığı çox olub.
Lakin torpaqlarımız işğal altına düşdüyündən, mənfur düşmənlərimiz
torpaqlarımız kimi su mənbələrimizi də işğalda saxladığından
sonralar ciddi problemlər üzə çıxıb.
Hazırda sözügedən su mənbələri minalardan təmizlənir. Bu il
həmin su mənbələrindən əkin prossesində istifadə olunacağı
planlaşdırılır. Görülən işlər bununla bitmir. İşlək vəziyyətdə olan
və ya azad olunmuş ərazilərdə ki, bərpa olunacaq arteziyan
quyularında müasir avadanlıqlar quraşdırılacaq. Bu sahədə artıq
işlərə start verilib. Xatırladaq ki, bu günə kimi Ağdam Mexaniki
suvarma idarəsi rayon ərazisində olan 35 min 400 hektar kənd
təsərrüfatı bitkilərini subartezan quyuları və nasos stansiyaları
vasitəsilə su ilə təmin edib. Qeyd edək ki, hazırda Ağdamda pambıq
səpininə hazırlıq prossesi gedir, arat aparılır.