Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının hekayəsi tatarca, şeirləri isə qırğızca tərtib olunan antologiyada yayınlanıb.
AzerTimes xəbər verir ki, Tatarıstan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, millət vəkili Rkail Zəydullanın layihə rəhbəri və önsöz yazarı olduğu “Türk ocağı” antologiyasında Əkbər Qoşalının “İradə, mən ölürəm” hekayəsi verilib.
Hekayəni tatarcaya əməkdar incəsənət xadimi Rifat Camal çevirib.
Türk dünyasının fərqli ədəbi nəsillərinə məxsus şair və yazıçıların əsərləri toplanmış “Türk ocağı” antologiyası Kazanda “Yazıçı” nəşriyyatında bu ilin mayında işıq üzü görüb.
“Könül səyahəti – Qırğızıstan” adlı türk dünyası poeziya antologiyası isə qırğızca çıxıb. “Gülce yayınları”nın nəşr etdiyi antologiyada 28 şairin şeiri toplanıb. Antologiyanın ideya müəllifi və tərtibçisi “Fəthiyə Ədəbiyyatçılar Qrupu”nun başqanı, tanınmış şair və ictimai xadim Coşğun Karabulutdur. Şeirləri qırğızcaya Qırğız Milli Yazıçılar Birliyinin Kaliça Yaqub çevirib.