Avropanın 30-dan çox nüfuzlu gənclər təşkilatının sədri Bakıda “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumuna toplaşıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfər ərəfəsində baş tutan Forumun əsas mövzusu Avropada sülh və təhlükəsizliyin möhkəmləndirilməsində gənclər təşkilatlarının rolu olacaqdır.
Forumun açılış mərasimində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər, fəal gənc ekspertlər və ölkəmizin aparıcı gənclər və könüllülər təşkilatlarının rəhbərləri, millət vəkilləri və hökumət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi kimi tariximizə yazıldığını bildirib, şanlı Zəfərimizin ildönümündə nüfuzlu beynəlxalq gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan forumun haqlı mövqeyimizin daha geniş miqyasda təqdimatı üçün uyğun platforma olduğunu vurğulayıblar.
Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri münaqişənin və işğalın bitməsinin Avropada sülh və təhlükəsizliyinin möhkəmlənməsində xüsusi rolunu diqqətə çatdırıraq, Azərbaycana bu xüsusda təşəkkürlərini bildirmişlər. Qeyd olunmuşdur ki, bu zəfər Azərbaycan xalqı ilə yanaşı beynəlxalq ictimaiyyət üçün də xüsusi əhəmiyyət daşıyır çünki münaqişənin bitməsi beynəlxalq hüququn və ədalətin təntənəsi idi.
Forum çərçivəsində, həmçinin sülh, təhlükəsizlik və münaqişələrin həllində gənclərin roluna dair 3 mövzuda panel müzakirələri təşkil olunub. Müzakirələr zamanı Azərbaycan xalqını qələbə münasibətilə təbrik edən qonaqlar, işğala son qoyulmasının Avropada sülh və təhlükəsizliyin təmin olunmasına verəcəyi müsbət töhfələr barədə danışıb, Azərbaycan tərəfinin regionda sülhün bərqərar olunması ilə bağlı davamlı çağırışlarını pozitiv dəyərləndiriblər.
Növbəti günlərdə Forum iştirakçıları dövlət qurumlarında görüşlər keçirəcək, Vətən müharibəsi dövründə Ermənistan tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərinə, eləcə də işğaldan azad edilmiş, vandalizm qurbanı olan Ağdama səfərlər edəcəklər.
Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu, Avropanın gənclər təşkilatlarının iştirakı ilə mərkəzi Bakı şəhərində olan “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub.
Tədbirdən öncə forum iştirakçıları Şəhidlər Xiyabanı, I və II Fəxri Xiyabanları ziyarət edib və Bakı Konqres Mərkəzində “Qarabağ həqiqətləri fotolarda” sərgisinə baxış keçirilib.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.