Baş verən hadisə çox dəhşətlidir və hətta deyərdim ki, son 20 ildə ailə üzvlərinə qarşı xüsusi amansızlıqla, qəddarlıqla müşayiət olunan azsaylı cinayətlərdəndir. Prosesi Prezident Administrasiyası və Baş Prokurorluq xüsusi nəzarətdə saxlayır. Hələlik istintaqın işinə mane olmamaq üçün dəqiqləşən faktlar üzərindən cinayəti dar çərçivədə dəyərləndirmək mümkündür.
Bu sözləri AzerTimes-a açıqlamasında kriminalist Şəmsəddin Əliyev deyib.
Kriminalist şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər hüquqi meyarların olduğunu vurğulayıb:
“Cinayəti törədən şəxsin anlaqsız olması ilə bağlı sosial şəbəkələrdə və cəmiyyətdə müxtəlif fikirlər yayılıb. Lakin bu onun cinayət məsuliyyətindən azad olunmasına əsas vermir. Şəxsin 10 il əvvəl də xüsusi amansızlıqla bıçaq zərbələri ilə adam qətlə yetirməsi, hansısa tibbi sənədlərin düzəldilməsi və Rusiyaya getməsi, sonradan Azərbaycana qayıdaraq taksi sürücüsü kimi fəaliyyət göstərməsi barədə iddialar var. Əlbəttə, bütün iddialar istintaq zamanı araşdırılacaq. Digər tərəfdən şəxsin anlaqsız olub-olmadığı ilə bağlı məhkəmə-psixiatriya ekspertizası təyin olunacaq. Hətta sözügedən ekspertiza onun anlaqsız vəziyyətdə olması haqqında rəy versə belə, bu şəxs yenə cinayət məsuliyyətinə cəlb ediləcək. Azərbaycan Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, anlaqsız şəkildə cinayəti törətmək cinayət məsuliyyəti yaratmır. Amma burada həm tibbi, həm də hüquqi meyarlar var. Hüquqi meyarlar isə odur ki, şəxs qismən də olsa, öz əməlinin nəticəsini görür, arzulayır və nə etdiyini anlayır. Bu mənada sözügedən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsas var. Təsəvvür edin ki, bu şəxs atasını, anasını və qardaşını öldürəndən sonra bacısının yaşadığı ünvana üz tutur. Əgər anlaqsız idisə, necə bacısıgilə getdi, oranı tapdı, qapını döydü, içəri girdi və bacısının yalvarışlarına baxmayaraq, övladını və onu qətlə yetirdi? Bu hadisə və onu doğuran səbəblər mütləq araşdırmalıdır”.
Şəmsəddin Əliyev ölüm hökmünün yenidən bərpa olunmasını təklif edib:
“Fikrimcə, baş verə biləcək belə dəhşətli cinayətlərin köklərini, səbəblərini araşdıracaq elmi-tədqiqat institutunun qurulmasına çox böyük ehtiyac var. SSRİ dövründə belə bir qurum mövcud idi. İnstitutun işi belə halların kökünü, səbəblərini araşdırmaq və həll yolları ilə bağlı kompleks tədbirləri nəzərdə tutan milli bir fəalliyyət planı, yaxud proqramı hazırlamaqdır. Belə halların, xüsusilə ailələrdə yaşanan problemlərin həllində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə çox böyük məsuliyyət düşür. Komitənin əsas fəaliyyət istiqaməti elə ailənin sağlamlaşdırılması olmalıdır. Baş verən cinayət ailələrdə də böyük problemlərin olmasından xəbər verir.
Son olaraq ölüm hökmünün bərpa olunmasını təklif edirəm. Belə bir klassik deyim var: “Ovçu meşədə tüfəngsiz gəzə bilməz”. Ölüm hökmü də bununla səsləşir. Artıq zamanı çatıb, ölüm hökmü bərpa olunmalıdır. Əlbəttə, ölüm hökmü bərpa ediləndən sonra belə cinayətlər yenə törədilə bilər. Ancaq heç olmasa, ölüm hökmü cinayət törətməyə meyilli şəxslər üçün xəbərdarlıq fənəri rolunu oynayacaq”.