Azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov ətrafında qalmaqal getdikcə daha ciddi xarakter almağa başlayır.
Əgər ilk günlər onun saxlanılması, obyektlərində axtarış aparılması və DTX tərəfindən dindirilməsi barədə söhbətlər gedirdisə, hazırda milyarderin ünvanına olduqca ciddi və konkret ittihamlar irəli sürülür.
Belə ki, o, hansısa biznes məsələsi və ya iqtisadi cinayətlərə görə deyil, daha ağır cinayətdə – Azərbaycanda Rusiyanın xeyrinə casusluq fəaliyyətində günahlandırılır. Qeyd olunur ki, Fərhad Əhmədov Azərbaycan Silahlı Qüvvələrində yüksək vəzifə tutan zabitlərin danışıqlarını gizli şəkildə qeydə aldırıb.
Bəs, Fərhad Əhmədov bu danışıqları necə lentə aldırıb? Söhbət hansı ali rütbəli sabitlərdən gedir?
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin ali komandanlığı ilə əlaqəli informasiya şəbəkəsi yaratdığı bildirilir.
Onun yaxın keçmişdə Azərbaycanın ordu komandanlığında yüksək vəzifələrdə çalışmış aşağıdakı şəxslərin konfidensial danışıqlarının audioyazısını apardığı bildirilir:
1) Rövşən Əkbərov
1965-ci ildə anadan olub, general-leytenantdır. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbi, Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbi, eləcə də Ukrayna Hərbi Akademiyasında təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində sonuncu vəzifəsi 4-cü Bakı Korpusunun komandiri olub. 2011-ci ildən korpus komandiri olan Rövşən Əkbərov 2020-ci ildə vəzifədən uzaqlaşdırılıb. 2021-ci il martın 16-da həbs olunan general Əkbərov Ukrayna ərazisində iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunub və həmin il oktyabrın 27-də 10 il həbs cəzası alıb.
2) Vahid Əliyev
1969-cu ildə anadan olub, general-leytenantdır. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini və Andropov adına Leninqrad Hərbi-Siyasi Akademiyasını bitirib. 1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı alayında xidmət edib. 2002-2017-ci illərdə müdafiə məsələləri üzrə Azərbaycan prezidentinin köməkçisi, eyni zamanda 2012-ci ildən 2017-ci ilə qədər Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
3) Hikmət Həsənov
1975-ci ildə anadan olub, general-mayordur. İngilis, türk, fars və erməni dillərində sərbəst danışır. 2003-cü ildə Çin Xalq Respublikasının Xalq-Azadlıq ordusu Quru Qoşunları Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Almaniyada NATO-nun əməliyyat planlaşdırılması kursunu başa vurub, həmçinin NATO-nun Əməliyyat Qərargahında təcrübə keçib. 28 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun komandiri təyin edilib. 2016-cı ilin aprel ayında Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinə komandanlıq edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edib. 2021-ci il avqustun 3-də tutduğu vəzifədən uzaqlaşdırılıb.
4) Babək Samidli
1974-cü ildə anadan olub, polkovnik idi. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini, 1997-ci ildə isə Türkiyə Quru Qoşunları Məktəbini bitirib. Türkiyə Silahlı Qüvvələrinin tərkibində hərbi təcrübə keçib. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun Əməliyyat İdarəsinin rəisi vəzifəsində (H.Həsənovun komandanlığı altında) Qarabağda döyüş əməliyyatlarında və İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci ildə Birinci Ordu Korpusu komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini təyin edilib. 23 noyabr 2020-ci ildə müharibə bitdikdən iki həftə sonra mina partlaması nəticəsində həlak olub.
Göründüyü kimi, sadalanan şəxslərdən 3-ü 2000-ci illərin sonuna qədər ölkənin ən elit hərbi təhsil ocağı sayılan Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini bitirib. Bundan əlavə onların hər biri xaricdə (Ukrayna, Rusiya, Çin, Türkiyə) əlavə hərbi təhsil alıb. Siyahıdakılardan 3 nəfər 2020-2021-ci ilə qədər yüksək ordu komandanlığının tərkibində olub.
Həmçinin sadalanan şəxslərlə İkinci Qarabağ müharibəsi başlayandan az sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan Nəcməddin Sadıqov arasında əlaqə olub.
N.Sadıqovun Rusiyanın adamı olması, ona qarşı rəsmi Moskvanın xeyrinə casusluq etməsi ittihamı hər kəsə bəllidir.
Rusiyalı milyarderin yüksək vəzifə tutan 3 general və 1 polkovnikin danışıqlarının audioyazısını aparması isə əlbəttə, hansısa biznes maraqlarından irəli gələ bilməz. Nəzərə alsaq ki, həmin zabitlər ordu rəhbərliyində yüksək vəzifə tutub və bir çox məxfi məlumatlara malik olublar, onda Əhmədovun əməlinin səbəbi ilə bağlı yalnız bir versiya irəli sürmək olar: Milyarder məxfi məlumatları digər ölkəyə – Rusiyaya ötürmək üçün əldə edib.