Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)

7 may 2021-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sərgidə Xarici İşlər Nazirliyinin nümayəndələri, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Fransanın “Fransa Xatirələri” Cəmiyyətinin Azərbaycandakı baş nümayəndəsi Aleksandr Vattin, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov və Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov çıxış ediblər.

Çıxış edənlər Əhmədiyyə Cəbrayılovun həyat yolu, onun İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatında nümayiş etdirdiyi qəhrəmanlıq, Azərbaycan-Fransa əlaqələrinə verdiyi töhfədən bəhs ediblər.

Tədbirdə çıxış edən Aleksandr Vattin İkinci Dünya müharibəsindən sonra Əhmədiyyə Cəbrayılovun təltif olunduğu, lakin sağlığında ona təqdim olunmayan orden və medalları onun ev muzeyində saxlanması üçün oğlu Cavanşir Cəbrayılova təqdim edib.

Tədbir çərçivəsində AR Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsi tərəfindən dərc etdirilmiş “Əhmədiyyə Cəbrayılov 100” adlı kitab tədbir iştirakçılarına təqdim olunub.

Tədbir iştirakçıları, həmçinin Əhmədiyyə Cəbrayılova dair foto materiallardan hazırlanmış sərgiyə baxış keçiriblər.

Teqlər: