Əhməd Obalı Xudafərin körpüsündə

Əhməd Obalı Xudafərin körpüsündə

Dekabrın 4-də Güney Azərbaycanın milli fəalı, Günaz TV rəhbəri Əhməd Obalı​ unikal tarixi abidə olan Xudafərin körpüsünə səfər edib.

AzerTimes xəbər verir ki, Azərbaycanda səfərdə olan Əhməd Obalının işğaldan azad edilən Cəbrayıl və Zəngilana səfərinin ilk ünvanı Xudafərin körpüsü olub. Əhməd Obalıya, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki,​ digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqi edilib, məscidlər heyvan saxlancı kimi isifadə olunub. Qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Teqlər: