Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu Əhməd Obalı bir neçə ay fasilədən sonra ilk dəfə efirə çıxıb.
AzerTimes xəbər verir ki, avqustun 27-si, Bakı vaxtı ilə 21:00-da Günaz TV-nin canlı efirinə qoşulan Obalı vəziyyətindən və bir sıra gündəm məsələlərdən danışıb.
O, səhhəti ilə maraqlananlara təşəkkürünü bildirib, müalicəsinin davam etdiyini, həyatına edilən sui-qəsdlə bağlı polis araşdırmalarının hələ də davam etdiyini söyləyib.
Obalı barəsində yayılan şayiələri dedi-qodu adlandıraraq, Şərq dünyasına xas olan hərəkət kimi qiymətləndirib:
“Bunlara əhəmiyyət vermirəm. Hələlik səhhətimdəki problemlərlə bağlı müalicə olunuram, yaxın gələcəkdə səsim daha da güclənəcək və işimizi daha yüksək ruhla qabağa aparacağıq. Tam sağlam vəziyyətdə həmvətənlərimin yanında, qarşısında olacağam”, – Obalı qeyd edib.
GünazTV-nin rəhbəri son günlər bir sıra milli fəallara, xüsusən Abbas Lisaniyə qarşı təhdid və təxribatlara da münasibət bildirib:
“Bu, azərbaycançılıq ideologiyası ilə irançılıq ideologiyasının toqquşmasıdır. Belə təhdidlərin arxasında sadə ərdəbilli yox, başqa güclər dayanır”.
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı mayın 21-də səhər saatlarında Kaliforniya ştatında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.