TURKIC.WORLD
layihəsinin fəaliyyətə başlamasından bir il ötür. Suallarımızı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov cavablandırır.
Əhməd müəllim, bu layihənin bir il ərzindəki
fəaliyyətini, ümumilikdə, layihənin önəmini necə
dəyərləndirirsiniz?
44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycanın
yanında olması, Azərbaycana siyasi və mənəvi dəstəyi bütün
sahələrdə olduğu kimi media sahəsində də əvəzedilməz rol oynadı və
informasiya cəbhəmizin daha da güclənməsinə səbəb oldu. Bu təcrübə
dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab
verməsinin, bir sözlə, media sahəsində əlaqələrimizi inkişaf
etdirməyin vacibliyinin göstəricisidir.
Əminliklə söyləmək olar ki, ortaq tarixi, dini, mədəni və dil
dəyərlərimizi əsas götürərək, türk dünyasının vahid kommunikasiya
platformasını yaratmaq məqsədilə reallaşdırılan “TURKİC.World”
(“Türk dünyası”) layihəsi artıq öz bəhrəsini verməkdədir. Türkdilli
ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi həm
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həm
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın,
həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət
mərkəzindədir.
Qısa müddət ərzində bu platformaya digər türkdilli dövlətlərin
də qoşulması Türk dünyasının birlik, həmrəylik və əməkdaşlıq
ideyasını rəhbər tutaraq möhkəmlənən əlaqələrinin media sahəsində
də uğurla davam etdiyinin göstəricisidir. Hazırda bir-birlərindən
yüz kilometrlərlə uzaqda yaşayan qardaş xalqlar mədəni, sosial,
dil, təhsil kimi mövzularda soydaşları barədə məlumatlar əldə edir,
həmçinin “Türk dünyası” öz xəbərlərini rus və ingilis dillərində
yayımlayır.
Məhz bu səbəblərdən Trend İnformasiya Agentliyi və Türkiyə
Respublikasının “Albayrak Media Groupu”nun birgə yaratdığı və
türkdilli dövlətlərin ilk ortaq rəqəmsal media platforması olan
“TURKİC.World” (“Türk dünyası”) layihəsinin fəaliyyətini müstəsna
əhəmiyyətli hesab edir, platformanın bundan sonra da öz missiyasını
ən yüksək səviyyədə həyata keçirəcəyinə inanırıq.
Bu layihə türk dövlətləri arasında informasiya
mübadiləsinin genişləndirilməsində və Azərbaycan həqiqətlərinin
türk dünyasına çatdırılmasında nə kimi rol oynayır?
Əlbəttə ki, adıçəkilən media platforması həm Türkiyə və
Azərbaycan, həm də layihədə təmsil olunan digər türkdilli ölkələrin
informasiya mübadiləsində əhəmiyyətli rol oynamaqdadır. Böyük
coğrafi məkanda yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər öz ortaq
tarixi, mədəni, dini dəyərlərinə əsaslanaraq müxtəlif sahələrdə
uğurla əməkdaşlıq edir, qarşılıqlı strateji tərəfdaşlıq özünün ən
yüksək səviyyəsinə qədəm qoyur.
Bilirsiniz ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma
Memorandumuna əsasən birgə media platformasının əsas məqsədi media
və kommunikasiya sahəsində ikitərəfli əlaqələrin və əməkdaşlığın
daha da gücləndirilməsi, strateji media ortaqlığının
yaradılmasıdır. Buna görə də, media sahəsində bilik, təcrübə və
mənbələrin paylaşılması, beynəlxalq arenada rast gəlinən
dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya
ictimaiyyətinin düzgün məlumatlandırılması, iki ölkənin fikir
öndərləri arasında rabitə körpüsünün qurulması baxımından qeyd
olunan layihə xüsusi əhəmiyyət daşıyır.
Şübhəsiz ictimai rəyin düzgün istiqamətdə formalaşmasında
medianın rolu danılmazdır. Medianın maarifçilik fəaliyyəti
nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı,
ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş
olur.
Müzəffər Ali Baş Komandanın qətiyyəti və fədakarlığı, qəhrəman
Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən
müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media
ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə
olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş
hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi
töhfəni işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq Azərbaycan
jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini
qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün
yeni konseptual yanaşma sərgiləməkdədir.
Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş ölkənin
media nümayəndələri dayanmadan döyüş bölgələrindən reportajlar
hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi
daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi,
iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media
əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı, yeni layihə və
platformalar əsas prioritet hədəflərimizdən oldu. Bu gün artıq onun
bəhrəsini görməkdəyik.
Bu kimi layihələr Azərbaycan mediasının beynəlxalq
informasiya məkanına inteqrasiyasına hansı töhfələr
verir?
Bu və bənzər layihələrin haqq səsimizin dünyaya çatdırılmasında,
eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanına
inteqrasiyasında xüsusi rolu vardır. İnanırıq ki, “TURKİC.World”
media platforması türk dünyasının həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında önəmli vasitəyə çevrilib.
Ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq
üçün güclü mediaya və jurnalistlərimiz arasında həmrəyliyə çox
böyük ehtiyacımız var. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk
dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv
informasiya ilə təmin etmək üçün biz – media nümayəndələri
peşəkarlığımızı və sayıqlığımızı daha da artırmalıyıq.