Əhməd əsgərliyə niyə aparılmayıb? – Açıqlama

Əhməd əsgərliyə niyə aparılmayıb? – Açıqlama

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədova 4 il əvvəl “Şizofrenəbənzər pozuntu” diaqnozu qoyulub. Buna görə o, hərbi xidmət üçün yararsız hesab edilib.

AzerTimes xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlama verib. O bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib.

“Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib”.

Xatırladaq ki, fevralın 13-ü Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teqlər: