Əhədzadə İlkinin Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu (FOTO)

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Şəhidimiz döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Oktyabrın 1-də Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən Əhədzadə İlkin Qələmşah oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunub. Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov II Fəxri Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət edib, məzarın önünə gül dəstələri qoyub.

Daha sonra şəhid İlkin Əhədzadənin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyefin açılış mərasimi keçirilib.

Mərasim zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.


Şəhidin atası Qələmşah Əhədov şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirib.

Qeyd etmək istəyirik ki, şəhid Əhədzadə İlkin Qələmşah oğlu 26 iyun 1985-ci ildə Səbail rayonunda doğulmuş, 1992-2000-ci illər ərzində 51 saylı tam orta məktəbdə, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı 35 yaşında döyüşlərə qatılan şəhid ailəli və 3 övlad atası idi. Müharibənin ilk günlərindən döyüşə atılan Əhədzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 1-də şəhidlik zirvəsinə ucalmışdır.

Teqlər: