Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib

Xəbər - Samir Əli – Trend:

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AzerTimes-a verilən birgə məlumata görə, sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.


Bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.

Teqlər: